Nə isə... | Orxan Bahadırsoy

Gözlərinin qarasında qürub edən mənə bax!
Gedişimdən saçlarına düşüb qalan dənə bax!
Bu gördüyün ağrı-acı nə yuxudu, nə kabus!
Danışsan gedə bilmərəm!

Işşş! Sus!
Sus, səsinə uğunduğum! 
Mən o qədər yorulmuşam,
silməyə də gücüm çatmır 
dizlərimdən axan qanı.
Gözlə, dedin, ömür də var, ümid də var…

Hanı? Hanı? Hanı?
Yox, olmadı! 
Sən ki, mənə bələdsən, səbrdən yetim adamam!
Səndə günah yoxdur ki, bilirəm, çətin adamam!
Soyuqlarda üşüyənəm, istilərdə təngnəfəsəm.
Bir dəfə sevə bilmərəm, 
min dəfə tərk edilməsəm.
Mənə bəla lazım deyil, mən özümə bəsəm! 
Bəsəm!
Bu sonuncu ayaq səsim: 
tıp… tıp… tıp… tıp...

Getdim, eşit!
İndi bütün günahlara əfv diləyir nitqim! Eşit!
Üfüqlərdə göy üzünə açıq qalır ovuclarım.
Həsrətini yeyə-yeyə batil olur oruclarım.
Elə bilmə, yaddaşımın qatlarında gömülmüsən!
Elə bilmə, unutmuşam...
Mən nələr çəkirəm, desəm...
Ehhh! Nə isə...
 

0 şərh